Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Cənubi Koreya və Türkiyə prezidentləri Li Çje Myon və Rəcəb Tayyib Ərdoğan atom elektrik stansiyaları (AES) və müdafiə istehsalı kimi strateji sahələrdə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
azturktv.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Bu gün Prezident Ərdoğanla dərin dostluq və etimada əsaslanan ikitərəfli əməkdaşlığın perspektivlərini genişləndirmək barədə razılığa gəldik. İki ölkə AES, müdafiə istehsalı və infrastruktur da daxil olmaqla strateji sahələrdə daha mühüm əməkdaşlığa can atacaq", - Li Seulda keçirilən birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər Cənubi Koreyanın da iştirak etməyi planlaşdırdığı, Sinopda AES-in tikintisi üzrə Türkiyə layihəsinə dair əməkdaşlıqda irəliləyişi qeyd ediblər.
Cənubi Koreyanın dövlət şirkəti "Korea Electric Power Corp." (KEPCO) və Türkiyənin "Turkiye Nuclear Energy Company" şirkəti Li və Ərdoğanın 2025-ci ildəki sammiti çərçivəsində bu layihə üzrə əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu (MOU) imzalayıblar və ilkin texniki-iqtisadi əsaslandırmaya başlayıblar.
Qeyd edək ki, Ərdoğan bazar ertəsi üçgünlük dövlət səfəri ilə Cənubi Koreyaya yollanıb, bu, onun 2018-ci ildən bəri həmin ölkəyə ilk səfəridir.