Türk dövlətləri COP31-də "yaşıl əməkdaşlığ"ın genişləndirilməsini müzakirə edib
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin ətraf mühit və iqlim məsələlərinə məsul rəsmilərinin iştirakı ilə yüksək səviyyəli dəyirmi masa təşkil olunub.
azturktv.az-Nİn məlumatına görə, tədbirdə Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Siyasəti sektorunun müdiri Fuad Hümbətov təmsil edib.
O, çıxışında Azərbaycanın Orta Asiya, Türkiyə və Avropa bazarlarını birləşdirən "yaşıl enerji" mərkəzinə çevrilmək potensialına diqqət çəkib. Nazirlik rəsmisi ölkənin tullantıların idarə olunması sahəsində həyata keçirdiyi islahatları qeyd edərək, Xəzər dənizinin mühafizəsi, su təhlükəsizliyi, bərpa olunan enerji və iqlim maliyyələşdirilməsi istiqamətlərində regional əməkdaşlığın genişləndirilməsinə çağırıb.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum Aral və Xəzər dənizlərində su səviyyəsinin azalması, buzlaqların əriməsi və quraqlıq kimi ortaq ekoloji problemlərin həlli üçün türk dövlətlərinin birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
TDT-nin Baş katibi Mirvohid Azimov isə Türk dünyasının ortaq ekoloji problemlərinin həlli və bərpa olunan enerji potensialının reallaşdırılması üçün konkret layihələr əsasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
O, 2027-ci ilin "Təbiəti Qoruma İli" elan edilməsinin və yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyindən danışıb.
Görüşdə digər iştirakçı ölkələrin nümayəndələri də ortaq ekoloji çağırışların həlli və iqlim sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir və təkliflərini bölüşüblər.