Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlər müzakirə edilib
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Baş prokuror Kamran Əliyevin Argentina Respublikasına işgüzar səfəri çərçivəsində noyabrın 14-də ölkənin ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüş keçirilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Argentina arasında digər sahələrdə olduğu kimi cinayətkarlığa qarşı mübarizə sahəsində ikitərəfli münasibətlərin daha da inkişafı, hüquqi sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran bu kimi ayrı-ayrı məsələlər müzakirə olunub.
Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Qeyd olunub ki, Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında qurduğu əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi siyasəti Latın Amerikası regionu ölkələri ilə hüquqi və institusional əlaqələrin genişləndirilməsi üçün də böyük imkanlar yaradır.
Baş prokuror Xuan Bautista Mahikesin əvvəllər Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti kimi fəaliyyətini, eləcə də Azərbaycan Prokurorluğu ilə formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini məmnunluqla xatırladıb.
Bu xüsusda, Xuan Bautista Mahikesin Beynəlxalq Prokurorlar Assosiasiyasına rəhbərlik etdiyi dövrdə təşkilatla Azərbaycan Prokurorluğu arasında əlaqələrin intensiv inkişafı, xüsusilə 2024-cü ildə Bakıda Assosiasiyanın 29-cu illik konfransının keçirilməsi ilə bağlı müsbət əməkdaşlıq nümunələri xüsusi vurğulanıb.
Görüşdə cinayət mühakimə icraatı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı hüquqi yardım mexanizmlərinin inkişafı, cinayətkarlığa qarşı mübarizədə səlahiyyətli qurumlar arasında əlaqələndirmə, eləcə də hüquqi əməkdaşlıq sahəsində müsbət təcrübə mübadiləsi kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qeyd edilən sahələrdə institusional əlaqələrin genişləndirilməsinin, habelə birbaşa və cinayətkarlığa qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.