Ankara və Dəməşq dəmir yolu xəttinin tikintisi üzərində işləyir
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Türkiyə və Suriya Fars körfəzinin neft hasil edən ölkələri ilə əlaqə yaradacaq dəmir yolu xəttinin tikintisi layihəsinin hazırlanmasını sürətləndirmək barədə razılığa gəliblər.
azturktv.az xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani Ankarada türkiyəli həmkarı Hakan Fidanla danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Türkiyə ərazisindən başlayaraq Suriyadan keçməklə İordaniyaya və Fars körfəzinə uzanacaq dəmir yolu xəttinin tikintisi və həyata keçirilməsinin sürətləndirilməsi barədə ümumi razılıq əldə olunub.
Əş-Şeybani qeyd edib ki, Dəməşq və Ankara Suriya məhsullarının Türkiyə bazarına çıxışının asanlaşdırılması, investorların hüquqlarının qorunması və maliyyələşdirmə imkanlarının genişləndirilməsi üçün hüquqi bazanın yaradılması istiqamətində də çalışırlar.
O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə təxminən 3,7 milyard dollara çatıb və artmaqda davam edir. Tərəflər yaxın illərdə bu göstəricini 10 milyard dollara çatdırmağı hədəfləyirlər.
Nazirin sözlərinə görə, iki ölkənin hökumətləri elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin inteqrasiyası üzrə strateji planın hazırlanması istiqamətində də səylər göstərirlər.
Əş-Şeybani danışıqlarda su təhlükəsizliyi məsələsinin də müzakirə olunduğunu bildirib. Xüsusilə, Suriya və İraq fermerlərinin ehtiyaclarını nəzərə almaqla Fərat çayına suyun ədalətli və sabit həcmdə buraxılmasının təmin edilməsi məsələsi diqqət mərkəzində olub.
O əlavə edib ki, yaxın vaxtlarda Türkiyə, Suriya və İraqın yaratdığı su ehtiyatlarından istifadə üzrə üçtərəfli texniki komitənin iclasının keçirilməsi planlaşdırılır.