Azərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Gələn il Azərbaycanda qaz hasilatının həcminin 48 milyard 523,7 milyon kubmetrə çatacağı nəzərdə tutulub.
azturktv.az xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu göstərici 2026-cı il üçün nəzərdə tutulan proqnozla müqayisədə 0,2 % çoxdur.
Ümumi həcmdən 35 milyard 635,6 milyon kubmetri əmtəəlik qazın payına düşəcək ki, bu da 2026-cı il üçün proqnozlaşdırılan göstəricidən 9,3 % az olacaq.
2028-ci ildə ölkədə qaz hasilatının 45 milyard 523,9 milyon kubmetr səviyyəsində olacağı gözlənilir ki, bu da 2027-ci il proqnozu ilə müqayisədə 6,6 % azalmaya uyğundur. Əmtəəlik qaz hasilatının isə 33 milyard 155 milyon kubmetr həcmində reallaşacağı ehtimal edilir ki, bu da növbəti ilin proqnozundan 7,5 % az olacaq.
2029-cu ildə Azərbaycanda ümumi qaz hasilatının 47 milyard 291,9 milyon kubmetr, 2030-cu ildə isə 48 milyard 063,6 milyon kubmetr təşkil edəcəyi proqnozlaşdırılıb. Əmtəəlik qaz hasilatının 2029-cu ildə 35 milyard 283,8 milyon kubmetr, 2030-cu ildə isə 36 milyard 563 milyon kubmetr olacağı nəzərdə tutulur.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında ölkədə 37 milyard 521,3 milyon kubmetr təbii qaz istehsal edilib. Bu həcmin 28 milyard 581,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,7 %, əmtəəlik qaz hasilatı isə 1,6 % geriləyib.
Xatırladaq ki, 2026-cı ildə Azərbaycanda qaz hasilatının ümumi həcminin 48 milyard 437 milyon kubmetr olacağı gözlənilir. Bu, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 6,4 % aşağıdır. Bu il hasil ediləcək qazın 38 milyard 8,4 milyon kubmetri əmtəəlik qaz kimi nəzərdə tutulub ki, bu da ötən ilin hasilat göstəricisindən 1,6 % azdır.