SON DƏQİQƏ
gundem / dunya

Türkiyə Hollandiya səfirini Quran yandırılmasına görə nazirliyə çağırıb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Hollandiyanın Haaqa şəhərində Qurani-Kərimə edilən hücuma Xarici İşlər Nazirliyi sərt reaksiya verib.
azturktv.az xəbər verir ki, Hollandiyanın Ankaradakı səfiri nazirliyə çağırılıb.

"Biz yanvarın 22-də Hollandiyanın Haaqa şəhərində İslam əleyhdarı bir şəxsin müqəddəs kitabımız Quranı hədəfə alan alçaq hücumunu qınayırıq" ,- nazirlik bəyənat yayıb.

"Bu dəfə İsveçdən sonra Hollandiyada da müqəddəs dəyərlərimizi təhqir edən və nifrət cinayətini ehtiva edən bu alçaq hərəkət Avropada islamofobiyanın, ayrı-seçkiliyin və ksenofobiyanın heç bir sərhəd tanımadığını açıq şəkildə bəyan edir.

Bu hərəkətlər bilavasitə təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin əsas hüquq və azadlıqlarını, mənəvi dəyərlərini və sosial tolerantlığını hədəf alır. Bu həm də sülh içində birlikdə yaşamaq mədəniyyətinə zərər verir.

Hollandiyanın Ankaradakı səfiri Nazirliyimizə çağırılaraq bu mənfur və alçaq hərəkəti pislədiyimizi və etiraz etdiyimizi sərt ifadələrlə bildirmiş, Niderlandın bu cür təxribat xarakterli hərəkətlərə yol verməməsini tələb etmişik.

Hollandiya rəsmilərindən hadisənin səbəbkarına qarşı lazımi tədbirlər görməsini və belə hadisələrin təkrarlanmaması üçün konkret tədbirlər həyata keçirməsini gözləyirik" ,- deyə əlavə edilib.

Qeyd edək ki İsveçdə Quranın yandırılması böyük mübahisəyə səbəb olmuşdu. Daha sonra Quran Hollandiyada da yandırılıb.