SON DƏQİQƏ
gundem / siyaset

Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanca səfərdə olan İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.

Bu barədə azturktv.az Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-İtaliya münasibətlərinin cari vəziyyəti, strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan-İtaliya münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında inkişaf etdiyi məmnunluqla vurğulanıb. Dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.

İqtisadi-ticarət əlaqələrinin Azərbaycan-İtaliya əməkdaşlığının aparıcı istiqamətlərindən biri olduğu qeyd edilib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycanın isə Cənubi Qafqaz regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Bu gün Bakıda keçirilmiş Azərbaycan-İtaliya Biznes Forumunun iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycanın uzun illərdir İtaliyanın etibarlı neft və təbii qaz təchizatçısı kimi çıxış etdiyi, həmçinin sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunulub.

İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr yüksək qiymətləndirilib.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın geniş potensialına diqqət çəkilib. Orta Dəhlizin artan əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə mühüm tranzit və logistika mərkəzi kimi rolu qeyd olunub. İtaliya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa dəvət edilib.

Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Bakı şəhərində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin əhəmiyyəti qeyd olunub. Təhsil, elm, mədəniyyət, gənclər, idman və turizm sahələrində əlaqələrin, habelə universitetlər və elmi müəssisələr arasında birbaşa təmasların genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək və koordinasiyanın əhəmiyyəti qeyd edilib.

Nazirlər tərəfindən Yaxın Şərq regionunda davam edən münaqişələr ətrafında fikir mübadiləsi aparılıb və bu münaqişələrin siyasi dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair həmfikirlik ifadə olunub.

Nazir Ceyhun Bayramov regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.

Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətlərinə göstərdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlıq ifadə olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsində nazirlər birgə mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

13:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani geniş tərkibdə görüş keçiriblər.

azturktv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı nazirlər Azərbaycan-İtaliya münasibətlərinin geniş gündəliyini, strateji tərəfdaşlığın hazırkı vəziyyətini və perspektivlərini, eləcə də əsas regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Nazirlər 2014-cü və 2020-ci illərdə imzalanmış Strateji Tərəfdaşlıq sənədlərinə əsaslanan iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıblar.

"İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 12 milyard ABŞ dollarına çatdığı, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qaldığı qeyd olunub. Nazirlər ticarət, investisiya, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes forumunun nəticələri də müsbət qiymətləndirilib", - məlumatda bildirilib.

Nazirlər Azərbaycanın İtaliya üçün etibarlı enerji təchizatçısı kimi rolunu, Cənub Qaz Dəhlizinin və Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyətini, eləcə də SOCAR-ın İtaliyanın enerji bazarında genişlənən fəaliyyətini vurğulayıblar.

Ceyhun Bayramov İtaliya şirkətləri üçün Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika infrastrukturu, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və inkişaf layihələri sahəsində mövcud imkanları diqqətə çatdırıb. Kritik xammal sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti də vurğulanıb.

"Nazirlər regionda baş verən proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması istiqamətində görülən səylər barədə fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı, eləcə də davam edən mina təhlükəsi barədə məlumatlandırıb", - məlumatda qeyd olunub.

Nazirlər təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha vurğulayıb, xalqlar arasında əlaqələrin gücləndirilməsində İtaliya-Azərbaycan Universitetinin rolunu qeyd ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.