MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Qazaxıstanın paytaxtında tanınmış qırğız ədəbiyyatşünası, akademik Abdıldajan Akmataliyevin 70 illik yubileyinə həsr olunmuş "Çingiz Aytmatov və Türk xalqlarının ədəbi əlaqələri" adlı beynəlxalq konfrans keçirilib.
azturktv.az-Nİn verdiyi məlumata görə, tədbir Türk Akademiyası və Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu tərəfindən birgə təşkil olunub.
Konfransda Qazaxıstan və Qırğızıstandan olan alimlər, yazıçılar, diplomatlar və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər.
İştirakçılar Çingiz Aytmatovun ədəbi irsini, qazax-qırğız mədəni əlaqələrinin inkişafını və Türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsində ədəbiyyatın rolunu müzakirə ediblər.
Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev təşkilatın prezidenti Şahin Mustafayevin salamlarını iştirakçılara çatdırıb. O, Türk xalqlarının ortaq tarixinin, mədəni ənənələrinin və mənəvi dəyərlərinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Qazaxıstan Prezidentinin müşaviri Bauırjan Omarov ölkənin vitse-prezidenti Yerlan Karinin yubilyar Abdıldajan Akmataliyevə ünvanlanmış təbrik məktubunu oxuyub.
Bundan başqa, qırğız akademikin Türk Akademiyasına hədiyyə etdiyi kitabların sərgisi də təşkil olunub.
Tədbirdə qırğızların "Manas" dastanından fraqmentlər və akın-improvizatorun çıxışı təqdim edilib.
Təşkilatçılar Qazaxıstan və Qırğızıstan arasında elmi və mədəni qarşılıqlı əlaqələrin davam etdirilməsinin, eləcə də Türk dünyasının ortaq ədəbi irsinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.